“BİZ NARKOTİKLƏRİN ƏLEYHİNƏYİK” DEVİZİ ALTINDA MARAFON KEÇİRİLƏCƏK
Həmin gün Azərbaycanda da geniş qeyd olunur. Bu məqsədlə Avropa Birliyinin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) regional yardım proqramı çərçivəsində keçirilən tədbirlərin davamı olaraq, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə Azərbaycan gənclərinin (idmançılar, ictimai təşkilatların nümayəndələri və fəal gənclərdən ibarət 1000 nəfər) iştirakı ilə “Biz narkotiklərin əleyhinəyik” devizi altında marafon planlaşdırılmışdır.
SCAD proqramı tərəfindən xüsusi maykalar, döş nişanları və papaqlarla təchiz olunmuş marafon iştirakçılarının “Narkotiklərə bir daha yox deyirik” şüarı altında yürüşü narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə aparılan maarifləndirmə və təbliğat işlərinə kömək məqsədi daşıyır. Tədbirin keçirilməsində əsas məqsəd beynəlxalq günün əhəmiyyətini bir daha ictimaiyyətin, KİV nümayəndələrinin diqqətinə çatdırmaq, narkomanlığın dəhşətli fəsadları haqqında əhali, xüsusilə də gənclər arasında təsəvvürlərin formalaşdırılması, bu bəla ilə mübarizədə Azərbaycan hökumətinin gördüyü tədbirlər, həmçinin nüfuzlu beynəlxalq təşkilatların bu istiqamətdə gördüyü işlərlə bağlı geniş məlumatlar verməkdən ibarətdir.
Beynəlxalq günə həsr olunmuş marafon iyunun 26-da saat 11.00-da Milli Olimpiya Komitəsi – Hökumət Evi marşrutu üzrə keçiriləcəkdir.
Yürüşün sonunda Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi əməkdaşlarının, SCAD proqramının milli əlaqələndiricisinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə Hökumət Evinin qarşısında tədbirin bağlanışı olacaqdır.