BMqT-nin Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan vətəndaşlara reinteqrasiya yardımı göstərib
Bakı, 17 mart, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin əməkdaşları Lənkəran rayonuna səfər edərək, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində Almaniyadan mənşə ölkəsinə könüllü qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin ediblər.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün Lənkəran rayonunun Haftoni kəndində bir ailə 21 baş qoyun satın alıb.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Nümayəndəlik tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü olaraq qayıdan şəxslərə və onların ailələrinə fayda gətirməyi hədəfləyən gəlir mənbəyinin yaradılması ilə bağlıdır. KQYR layihələri çərçivəsində qayıdanlara əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib. Qayıdan şəxslər BMqT-nin köməyi ilə kiçik təsərrüfat, xidmət sektoru, ticarət və kiçik istehsal sahələrində sahibkarlıq fəaliyyətlərini qurublar.