BMT AZƏRBAYCANDA EKOLOGİYA SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏRİ YÜKSƏK QİYMƏTLƏNDİRİR
Bakı, 24 may (AZƏRTAC). Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu il İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Bakıda mərkəz şəhər seçilmişdir.
Ölkəmizin paytaxtının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük önəm verməsindən irəli gəlir.
Qeyd edək ki, 5 iyun - Dünya Ətraf Mühit Gününün qeyd olunması 1972-ci il dekabrın 16-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilmişdir. Eyni zamanda, Baş Assambleyanın həmin sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılmışdır.
Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə üzv olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunmasına yönələn işlər həyata keçirməyə çağırır.
Əlamətdar gün müxtəlif formalarda-küçə mitinqləri, velosipedçilərin yürüşləri, “yaşıl” konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi və başqa çoxsaylı tədbirlərlə qeyd olunur.
“Çoxlu növlər: bir planet, bir gələcək” devizi altında həyata keçiriləcək builki Dünya Ətraf Mühit Günü ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması ilə yanaşı bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını da nəzərdə tutur.