BMT-NİN “NARKOTİKLƏRİN SUİ-İSTİFADƏSİ VƏ QANUNSUZ TİCARƏTİ ƏLEYHİNƏ BEYNƏLXALQ GÜNÜ” QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Cənubi Qafqazda Narkotiklərə Nəzarət (SCAD) Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev tədbiri açaraq, iyunun 26-sının BMT-nin narkotiklər əleyhinə beynəlxalq günü kimi qeyd edildiyini söylədi.
Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov narkotiklərə qarşı beynəlxalq günün BMT-nin Baş Assambleyasının 1987-ci ildə qəbul etdiyi qərarı əsasında keçirildiyini vurğuladı. Natiq bu beynəlxalq günün qeyd edilməsinin məqsədini açıqlayaraq narkotik vasitələrin dünyanın bir çox regionlarında yayıldığını, gənc nəslin əsil bəlasına çevrildiyini söylədi. Narkotiklərin Azərbaycan üçün o qədər də böyük problem olmadığını deyən Əli Həsənov, bir çox MDB ölkəsi kimi, respublikamızda da son vaxtlar bu fəlakətin artması tendensiyasını diqqətə çatdırdı və təəssüflə qeyd etdi ki, artıq bəzi məktəblərimizdə azyaşlı narkomanlar vardır.
BMT-nin rezident əlaqələndiricisinin müavini Devid Eyzenberq narkotiklərin yayılmasına və iştifadəsinə qarşı tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdı. BMT-nin baş katibi Kofi Annanın narkotiklər əleyhinə beynəlxalq gün münasibəti ilə dünya xalqlarına müraciət etdiyini söyləyən natiq, planetimizin bü bəladan azad olması yolunda birləşməyin aktuallığını vurğuladı.
Sonda C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının artistlərinin ifasında narkomaniyanın törətdiyi bəlalara və onlarla kəskin mübarizəyə həsr olunmuş “Məhəbbət, şeytan və ağ ölüm” tamaşasına baxış keçirildi.