BMT-NİN QAÇQINLAR ÜZRƏ ALİ KOMİSSARLIĞININ NÜMAYƏNDƏSİ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Raymond Holl Ermənistan silahlı qüvvələrinin işğal etdiyi müxtəlif rayonlardan 827 nəfərin məskunlaşdığı binanın sakinləri ilə söhbət etmiş, onların dərdinə şərik çıxmışdır. O, 37 nəfərin sığındığı zirzəmiyə enmiş, Füzuli rayonundan məcburi köçkün Flora Aslanovanın, zəngilanlı Allahverdi Əliyevin “mənzillərində” olmuşdur.
Nazirlər Kabinetinin qaçqınların və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq humanitar təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsini ica edən Qurban Sadıqov qonağa doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın mövcud vəziyyəti, onların məskunlaşma prosesi, əhalinin bu təbəqəsinin sosial-iqtisadi və digər problemlərinin həlli istiqamətində hökumətin, BMT QAK-ın həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir.
Raymond Holl vəziyyətin dözülməz olduğunu etiraf etmiş, Azərbaycan hökumətinin gördüyü işləri alqışlamış, sakinlərə söz vermişdir ki, onun təmsil etdiyi qurum Azərbaycanın qaçqınlarına və məcburi köçkünlərinə yardımı davam etdirəcəkdir.