BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələr Ermənistan və havadarlarının növbəti fiaskosudur
Bakı, 18 avqust, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasında (TŞ) keçirilən müzakirələr Ermənistan siyasətinin, diplomatiyasının, eyni zamanda, onu müdafiə edən güclərin növbəti fiaskosudur. Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Qarabağda yaşayan azsaylı ermənilərin sülh şəraitində yaşamasını davam etdirməsi üçün kifayət qədər ciddi təkliflər irəli sürüb. Baxmayaraq ki, Ermənistan rəhbərliyi azsaylı erməni əhalisinin guya "humanitar fəlakət"lə üz-üzə qalması haqqında saxta məlumat yaymaqla məşğuldur və onların heç bir hüquqi bazasının olmadığına da biz BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışında, eyni zamanda, bu çıxışa adekvat cavab verən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi
Yaşar Əliyevin məruzəsində bir daha şahidlik etdik. Əlbəttə, Ararat Mirzoyanın orada humanitar fəlakətlə bağlı səsləndirdiyi və nümayiş etdirdiyi məlumatlar şou xarakteri daşıyırdı. Yaşar Əliyevin orada konkret faktlarla çıxış etməsi Azərbaycan xarici diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilir.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, Əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib.
Hərbi ekspert qeyd edib ki, əgər dünənə kimi dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyırdısa, bu gün onların sırasında Ermənistan da var. Bu, Azərbaycan ərazisində yaşayan erməniəsilli əhali arasında, eyni zamanda, onları tətikləyən separatçı qüvvələrə qarşı ciddi siyasi faktdır: “Ermənistanın da ölkəmizin ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıması burada yaşayan azsaylı erməni əhalisinə mesaj verir ki, sizin reinteqrasiya olunmaqdan başqa çıxış yolunuz yoxdur. Əgər buna qarşısınızsa, o zaman Azərbaycan ərazisini tərk etməlisiniz. Bütün bunlarla yanaşı, ilk növbədə, Prezident İlham Əliyevin erməniəsilli əhaliyə verdiyi mesajlardan bir neçə məqamı xatırlatmaq istəyirəm. Ali Baş Komandan Qarabağ ərazisində yaşayan azsaylı erməni əhalisi ilə bağlı son bəyanatların birində bildirdi ki, onların yeganə çıxış yolu silahları yerə qoymaq, bu separatçı, revanşist qüvvələrdən ayrılmaq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində Azərbaycanın vətəndaşlığını qəbul etmək, qanunlarımıza tabe olmaq və heç bir status, güzəşt tələb etmədən xalqımızla birlikdə yaşamaqdan ibarətdir. Dövlətimizin başçısı dolayısı ilə onlara başa saldı ki, əgər həmin yol erməni əhalisini qane etmirsə, Azərbaycan ərazisini tərk edə bilərlər. Heç kim onları burada zorla saxlamır. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü, dövlətimizin Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi siyasi kursu dəstəkləyir. Biz buna BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də şahid olduq. Orada ermənilərin “humanitar fəlakət” şousu ilə bağlı bir sıra çıxışlar səsləndirilsə də, Azərbaycanın Bərdə-Ağdam-Əsgəran yolu ilə Xankəndinə ərzaq daşınması təklifini hamı bəyəndi. Çünki məntiqlə 20-30 kilometr yol qət etmək, 300 kilometr getməkdən daha sərfəlidir”.
Polkovnik-leytenantın sözlərinə görə, bundan başqa, ölkəmiz öz ərazi bütövlüyü çərçivəsində yaşayan insanların bu və digər halda təminat məsələsində də prinsipialdır: “Azərbaycan Qarabağ məsələsini öz daxili məsələsi hesab edir və Qarabağ iqtisadi rayonunda yaşayan azsaylı erməni əhalisinin də yaşayışına həm siyasi, həm iqtisadi, həm də humanitar məsuliyyət daşıyır. Dövlətimiz onların təhlükəsizliyini təmin etmək məsələsində bütün səlahiyyətləri öz üzərinə götürməyə hazırdır. Təəssüflər olsun ki, Fransa başda olmaqla bir sıra dövlətlər Qarabağ probleminin tarixə gömülməsini istəmirlər. Baxmayaraq ki, Azərbaycan bununla bağlı qəti münasibətini də bildirib və qeyd edib ki, Qarabağ məsələsi geridə qalıb. Azərbaycan bu məsələ ilə bağlı ortaya çıxan narazılıqların həlli üçün hər hansı xarici dövlətin köməyinə ehtiyac duymur. Yəni Qarabağ məsələsi bütövlükdə yaxşı və pis cəhətləri ilə Azərbaycanın daxili işidir. Mən bunu Azərbaycan diplomatiyasının əgər bir tərəfdən uğuru kimi dəyərləndirirəmsə, digər tərəfdən də Ermənistan diplomatiyasını və onları dəstəkləyən digər dövlətlərin, məsələn, Fransanın fiaskosu hesab edirəm. Azərbaycan bu məsələdə kifayət qədər prinsipial mövqe sərgiləyir və bunun gələcəkdə fikirləşdiyimiz şəkildə bəhrəsini verəcəyinə əminəm”.