BMU tələbəsi karate turnirində birinci olub
Bakı, 20 may, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin marketinq ixtisası üzrə II kurs tələbəsi Məhəmməd Əzizli növbəti uğura imza atıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Kyokuşin (Kay) Senşi Karate üslubu üzrə çıxış edən tələbə Əməkdar məşqçi Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirində 18 yaşdan yuxarı idmançılar arasında 80 kq çəki dərəcəsində I yerə layiq görülüb.
İdmançı yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq yarışlarda da mühüm nailiyyətlər əldə edib. Belə ki, o, 80 kq çəki dərəcəsində 2 qat dünya çempionu, 1 qat Avropa, 1 qat Asiya, 1 qat Avrasiya və 12 qat ölkə çempionudur. O, 2016-cı və 2019-cu illərdə yeniyetmələr arasında dünya birinciliyi, 2017-ci ildə Avropa birinciliyi, 2018-ci ildə isə Asiya və Avrasiya birinciliklərinin qalibi olub.
2012-ci ildən etibarən rəsmi beynəlxalq və ölkədaxili yarışlarda iştirak edən Məhəmməd Əzizli hazırda respublika və beynəlxalq səviyyədə II dərəcəli hakim kimi fəaliyyət göstərir. O, həmçinin məşqçilik fəaliyyəti ilə də məşğuldur.