İDMAN
Bolqarıstan voleybolçularının uğurlu debütü, Ukrayna millisinin ikinci məğlubiyyəti
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də - Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının ikinci gününə “C” qrupunda yer alan Bolqarıstan-Ukrayna matçı ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakıda, Milli Gimnastika Arenasında keçirilən görüşün gərgin idman mübarizəsi şəraitində keçən ilk seti Bolqarıstan voleybolçularının qələbəsi ilə yekunlaşıb - 25:23. İkinci setdə Ukrayna voleybolçuları qalib gələrək (25:21) ümumi hesabda bərabərliyi təmin ediblər. Maraqlı mübarizənin aparıldığı üçüncü seti de ukraynalılar üstün başa vurublar - 25:23. Bundan sonra oyunda təşəbbüsü tamamilə ələ alan Bolqarıstan yığması dördüncü setdə böyük üstünlüklə qalib gəlib - 25:11. Bolqarıstan voleybolçuları tay-brekdə də böyük hesabla (15:4) qalib gələrək çempionata qələbə ilə başlayıblar. Ukrayna isə qitə birinciliyində ikinci məğlubiyyətini yaşayıb.
Bu qrupun digər oyununda Türkiyə və Rusiya voleybolçuları üz-üzə gələcəklər.