Bosniya və Herseqovinada 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
Sarayevo, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyi tərəfindən qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə Bosniya və Herseqovina - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, türk diasporasının nümayəndələri, ziyalılar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edənlər o dəhşətli gecədə təpədən-dırnağadək silahlanmış sovet ordusunun əsgərləri tərəfindən Azərbaycanda törədilmiş cinayətdən danışıb, ölkəmizin azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş vəhşiliyi insanlığa qarşı cinayət adlandırıblar. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 20-də konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhali, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladları vəhşicəsinə gülləboran edilib.
Vurğulanıb ki, bu faciə zamanı onlarla insan qətlə yetirilib, yüzlərlə insan isə yaralanıb. Ümummilli lider Heydər Əliyev 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz edib. Qanlı yanvar hadisələrinə Ulu öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verilib.
Çıxışçılar milli azadlıq yolunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildiriblər.
Sonda tədbir iştirakçıları bu faciənin dəhşətlərini əks etdirən fotostend və materiallarla tanış olublar, eləcədə “Qanlı yanvara aparan yol” sənədli filmini izləyiblər.
Diplomatik nümayəndəlik tərəfindən 20 yanvar faciəsi ilə bağlı geniş pres-reliz və Azərbaycan ombudsmanının bəyanatı xarici dövlətlərin Bosniya və Herseqovinada akkreditə olunmuş diplomatik nümayəndəliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, bu ölkənin bir sıra dövlət qurumlarına və qeyri-hökumət təşkilatlarına göndərilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo