“BÖYÜK UĞURUN BAŞLANĞICI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Dəyirmi masada iştirak edənlər, Milli Məclisin deputatları, YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərləri əvvəlcə Fəxri xiyabanda olmuş, Prezident Heydər Əliyevin məzarı önünə əklil qoymuş, dahi rəhbərimizin nurlu xatirəsini ehtiramla yad etmişlər.
Milli Məclisin deputatı, YAP İcra katibi Əli Əhmədov dəyirmi masanı giriş sözü ilə açaraq ümummilli liderimiz Heydər Əliyevin şərəfli həyat yolunu müxtəlif mərhələlər üzrə təhlil etmişdir. Dahi rəhbərimizin xilaskarlıq missiyasını önə çəkən natiq iftixar hissi ilə demişdir ki, Heydər Əliyev 1969-cu ilin iyulunda birinci dəfə hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın milli və dövlətçilik maraqlarını özündə əks etdirən siyasi kurs həyata keçirmiş, bütün məqamlarda ümummilli maraqlara xidmət etmişdir.
Çıxış edən digər natiqlər dahi rəhbərimizin 35 ilə yaxın dövrü əhatə edən siyasi hakimiyyəti dövründə görülən işlərdən danışmışlar. Heydər Əliyevin həyat prinsipinin, qurmaq və yaratmaq məqsədinin müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, qüdrətləndirmək olduğunu bildirən natiqlər fərəhlə qeyd etmişlər ki, dahi rəhbərimizin müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.