“BP Azərbaycan” şirkəti paracüdo üzrə Bakı Qran-Prisinin rəsmi tərəfdaşı olacaq
Bakı, 1 aprel, AZƏRTAC
“BP Azərbaycan” şirkəti bu il mayın 13-14-də Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olacaq.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) AZƏRTAC-a bildiriblər ki, bununla bağlı hər iki qurum arasında keçirilən görüşdə müzakirələr aparılıb.
AMPK-nin prezidenti İlqar Rəhimov bildirib ki, ölkəmizdə idmana, xüsusilə də paralimpiya hərəkatına dövlət səviyyəsində böyük dəstək göstərilir. Prezident İlham Əliyevin paralimpiyaçılarımıza göstərdiyi yüksək diqqət və qayğı qazanılan uğurlarda əksini tapır. “BP Azərbaycan” şirkəti uzun müddətdir ölkəmizdə paralimpiya hərəkatının əsas dəstəkçilərindən biridir. Şirkət Komitənin tədbirlərinin keçirilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə, o cümlədən Göygöl rayonunda uşaq paralimpiya festivalının təşkilinə dəstək verib.
İ.Rəhimov qeyd edib ki, “BP Azərbayan” şirkəti ölkəmizdə korporativ sosial məsuliyyət (KSM) çərçivəsində sosial layihələrə önəm verən nümunəvi təşkilatdır. Şirkət KSM çərçivəsində sosial məsələlərə daim diqqətlə yanaşır. “BP Azərbaycan” şirkəti mayda Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışının rəsmi tərəfdaşı olmaqla bağlı niyyətini bəyan edib.
“BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli ölkəmizdə idmana xüsusi qayğı göstərildiyini, Azərbaycanın mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Qeyd edib ki, BP şirkəti 2012-ci ildən etibarən beynəlxalq səviyyədə paralimpiya hərəkatına dəstək göstərir. Azərbaycanın paralimpiya çempionları İlham Zəkiyev, Oluxan Musayev və Oleq Panyutin BP şirkətinin atlet səfirləridir.
“2012-ci ildə BP şirkətinin dəstəyi ilə İlham Zəkiyevlə bağlı film çəkilmişdi. Qısa müddətdə internetdə 15 milyon baxış toplayan bu film Kann film festivalında mükafata layiq görülüb. Londonun hava limanında Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyevin də fotosunun yer aldığı böyük plakat asılıb”, - deyə B.Aslanbəyli bildirib.
Sonra BP şirkətinin paralimpiyaçılarımız üçün aldığı idman əlil arabaları təqdim edilib.