ELM VƏ TƏHSİL
Britaniya alimləri təbiətdə soxulcanların azalması fikrindədirlər
Bakı, 19 dekabr, AZƏRTAC
Böyük Britaniyada soxulcanların sayı son 100 ildə azalmış ola bilər. Torpağın münbitliyinin qorunmasında əhəmiyyətindən əlavə, soxulcanlar bir çox quşlar üçün sabit qida mənbəyidir və onların azalması bu heyvanların nəslinin kəsilməsinə səbəb ola bilər.
AZƏRTAC “Qazeta.Ru”ya istinadən xəbər verir ki, bu barədə Britaniya Ekologiya Cəmiyyəti məlumat yayıb.
“Torpaq qurdları bir çox ekosistemlərdə əsas rol oynayır, çünki onlar ölü toxumaların torpağa təkrar emalına kömək edir. Soxulcanlar, demək olar ki, bütün dünyada geniş yayılıb. İndiyədək hesab olunurdu ki, heç bir şey bu canlıların sayını təhdid etmir və buna görə də ekoloqlar onların populyasıyasına ciddi nəzarət etmirdilər. Keçən əsrdə Böyük Britaniyanın kəndlərində geniş drenaj, pestisidlərin istifadəsi və qeyri-üzvi gübrələrin tətbiqi kimi dəyişikliklər, çox güman ki, qurd populyasiyalarına təsir göstərib” - məlumatda bildirilir.
Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar Böyük Britaniyada təxminən 100 il ərzində 100-dən çox tədqiqatın məlumatlarını toplayıblar. Nəticə etibarı ilə tədqiqat dövründə çox da əhəmiyyətli olmasa da, yer qurdlarının sayında azalma aşkarlanıb.