Brüsseldə “Qara Yanvar avropalı rəssamların gözü ilə” sərgisi təşkil edilib
Brüssel, 21 yanvar, AZƏRTAC
Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Belçikada yaşayan azərbaycanlı rəssam Əli Seyran İmanzadənin birgə təşkilatçılığı ilə Brüsseldə “Qara Yanvar avropalı rəssamların gözü ilə” adlı sərgi və anım mərasimi təşkil edilib.
Mərasim 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirilib və qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial, eyni zamanda, belçikalı rəssamlar Stefan de Blok, Maaike Beuten, Kito Sino, Boris Metçinski və əslən azərbaycanlı Əli Seyran İmanzadənin faciəyə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.
Tədbirdə çıxış edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi 20 Yanvar şəhidlərinin ölkəmizin müstəqilliyi uğrunda canlarından keçdiklərini vurğulayıb, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu qeyd edib.
Səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat veriblər. Onlar sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyini, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib, doğma Vətənin hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Tədbirin sonunda Belçikadakı türk icmasının nümayəndəsi, Gent Türk Ocağının sabiq rəhbəri Rəcəb Tüncər Sarı çıxış edərək 20 Yanvar faciəsinin bütün türk dünyasının anım günü olduğunu bildirib və bu ölkədəki türk icması adından Azərbaycan xalqına başsağlığı verib.
Mərasim Brüssel Kral Konservatoriyasının musiqiçiləri, skripkaçı Daniel Bartos və pianoçu Guilio Cilonanın ifasında səslənən həzin Azərbaycan musiqisinin sədaları altında davam edib.
Tədbirdə Belçikada yaşayan Azərbaycan və türk icmalarının təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları, ailə üzvləri iştirak ediblər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel