BSTA-nın Baş katibi: Rəqəmsal transformasiya sosial təminat qurumlarının fəaliyyətini dəyişdirir VİDEO
Xankəndi, 23 oktyabr, AZƏRTAC
Rəqəmsal transformasiya sosial təminat qurumlarının fəaliyyətini köklü şəkildə dəyişdirir. Süni intellekt, məlumatlara əsaslanan həllər və rəqəmsal dövlət xidmətləri sosial təminat xidmətlərini daha əlçatan, çevik, inklüziv və insanmərkəzli etmək üçün mühüm imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi Marcelo Abi-Ramia Caetano Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda videomüraciəti zamanı deyib.
Onun sözlərinə görə, eyni zamanda, innovasiyalar etimad, ədalətlilik, hesabatlılıq, məxfiliyin qorunması və sosial inklüzivlik prinsiplərinə əsaslanmalıdır: “Bu, texnologiyaların insanlara xidmət etməsini və heç kimin diqqətdən kənarda qalmamasını təmin etmək baxımından vacibdir. Bu baxımdan "SOCGOV 2026" çərçivəsində “AI4DOST Social Award” beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması xüsusilə sevindiricidir. Bu mükafat süni intellektin daha keyfiyyətli sosial xidmətlərə və sosial təminat sahəsində daha səmərəli nəticələrə töhfə verən innovativ tətbiqlərinin tanınması üçün dəyərli platformadır”.
Baş katib diqqətə çatdırıb ki, BSTA “AI4DOST Social Award” münsiflər heyətində üzv kimi iştirak etməkdən şərəf duyur.
“Təqdim olunan innovativ həllərin qiymətləndirilməsinə sosial təminat sahəsində beynəlxalq təcrübəmiz və baxış bucağımızla töhfə verməyi, eyni zamanda, iştirakçı qurumların və innovatorların yaradıcılığından və təcrübəsindən öyrənməyi səbirsizliklə gözləyirik. "SOCGOV 2026" forumunu təşkil etdiyinə, innovasiya, rəqəmsal transformasiya və sosial təminat sahələrinin bir araya gəlməsi üçün imkan yaratdığına görə DOST Agentliyini bir daha təbrik edirəm. Əminəm ki, forum çərçivəsində aparılacaq müzakirələr və təcrübə mübadiləsi sosial təminatın gələcəyi üçün yeni ideyaların yaranmasına, tərəfdaşlıqların güclənməsinə və daha səmərəli həllərin hazırlanmasına töhfə verəcək", - deyə o vurğulayıb.