CƏMİYYƏT
Bu il 7 mindən çox şəxsə səyyar sosial xidmət göstərilib VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC
Bu il səyyar sosial xidmətin göstərilməsi üçün Sosial Xidmətlər Agentliyinə 2 minə yaxın vətəndaş müraciət edib.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
V.Behbudov bildirib ki, müraciət edənlərdən 1367 nəfəri ahıl, 459 nəfəri əlilliyi olan şəxs, 125 nəfəri isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərdir. Müraciət edənlərdən 1760 nəfəri səyyar sosial xidmətə qəbul edilib. Səyyar sosial xidmətə qəbul edilmiş vətəndaşlardan 1377 nəfərə sosial-məişət, 21 nəfərə sosial reabilitasiya, 362 nəfərə isə sosial-hüquqi xidmət göstərilib: “Cari ilin yanvarından ötən dövr ərzində ümumilikdə 7 min 5 nəfərə səyyar sosial xidmət göstərilib. Sosial-məişət xidməti göstərilən vətəndaşlardan 5 min 796 nəfəri ahıl, 752 nəfəri isə 70 yaşadək tənha yaşayan şəxslər olub. Hazırda agentlik tərəfindən 3 min 888 nəfəri ahıl, 480 nəfəri 70 yaşdan aşağı əlilliyi olan şəxs olmaqla ümumilikdə 4 min 368 nəfərə sosial-məişət xidməti göstərilir. Sosial-məişət xidməti göstərilən ən yaşlı vətəndaş Qazax rayonunun Daş Salahlı kənd sakini 1920-ci il təvəllüdlü Səyalı Alısgəndərovadır”.