Bu il Azərbaycana gələn turistlərin sayının ötənildəkindən çox olacağı gözlənilir
Bakı, 24 aprel (AZƏRTAC). “Eurovision - 2012” mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə dünyanın 45-ə yaxın ölkəsindən qonaqlar gələcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda ölkədə 178 turizm şirkəti və 312 hotel fəaliyyət göstərir. Hotellərdə yerlərin sayı 11 mindən artıqdır. Bu isə müsabiqə ilə bağlı ölkəmizə gələcək qonaqların yerləşdirilməsində problem olmayacağını deməyə əsas verir. Ümumiyyətlə, bu il Azərbaycana gələn turistlərin sayının 2011-ci ildəkindən çox olacağı gözlənilir. Ötən il Azərbaycana 2 milyon əcnəbi gəlmişdir ki, onlardan da 1,8 milyonu turist olmuşdur.
Hazırda nazirlik hotellərdə xidmətin səviyyəsinin daha da yüksəldilməsi ilə bağlı bütün vasitələrdən istifadə edir. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) ilə birlikdə mehmanxana əməkdaşları üçün hər il mütəmadi olaraq təşkil edilən treninqlərin sayı artırılmışdır. Bu treninqlərə daha çox xidmətin səviyyəsi aşağı olan hotellərin əməkdaşları cəlb olunur. Ötən ay keçirilən treninqlərə 117 nəfər cəlb edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycanda turizm statistikasının təkmilləşdirilməsi məqsədilə Dünya Turizm Təşkilatı ilə seminarların keçirilməsi üçün iki illik proqram da həyata keçirir. Ötən il iki seminar keçirilmiş, cari ildə də bu məqsədlə eyni sayda seminarın keçirilməsi nəzərdə tutulmuşdur.