Bu il Qazaxda 1200 hektarda kartof əkiləcək
Qazax, 17 mart, Rauf Hacıyev, AZƏRTAC
Qazaxda kənd təsərrüfatının ənənəvi sahələrindən olan kartofçuluq son illərdə həm də daha çox inkişaf edən və rayonda sakinlərin işlə təmin olunduğu mühüm sahələrdəndir. Bunu ildən-ilə artan kartof sahələrindən və əldə edilmiş bol məhsuldan da görmək olar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əgər 2016-cı ildə rayonda 433 hektar sahədən 10205 ton kartof tədarük olunubsa, 2017-ci ildə kartof əkilən sahələr 809,1 hektara çatdırılıb. Həmin il kəndlilər sahədən 22000 ton məhsul əldə ediblər. 2018-ci ildə əkin sahələri daha da genişləndirilərək 1118 hektara çatdırılıb və 30745 ton məhsul əldə olunub. 2019-cu ildə əkin sahəsi əvvəlki illə müqayisədə 202 hektar artırılaraq 1320 hektara çatdırılıb və sahələrdən 40018 ton kartof tədarük edilib.
Bu il isə 1200 hektar sahədə kartof əkilməsi nəzərdə tutulub. Artıq xeyli vaxtdır ki, rayonda kartof əkininə başlanılıb. Bununla əlaqədar əkinə hazırlıq işləri tam başa çatdırılıb. Belə ki, kartof əkiləcək sahələrdə hələ ötən ilin payızında şum qaldırılıb, şumdan əvvəl sahələr üzvi gübrələrlə zənginləşdirilib. İndi əkində yüksək məhsuldar toxum sortlarından istifadə olunur, əkinçilərə hərtərəfli kömək göstərilir. Əkin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün əvvəlcədən lazımi tədbirlər həyata keçirilir.
Bu günədək rayonda 432,5 hektar sahədə kartof əkilib.