“Capital Baku” U-12 komandası balaca istedadları bir araya gətirir
Bakı, 2 dekabr, AZƏRTAC
AFFA U-12 Liqası kiçik yaşlı futbolçuların ilk ciddi sınaq meydanıdır. Bu liqada mübarizə aparan komandalardan biri də balaca istedadları bir araya gətirən “Capital Baku”dur.
AZƏRTAC-ın əməkdaşı komandanın məşq bazasına qonaq olub və baş məşqçi Tural Hüseynovun rəhbərliyi ilə görülən işlərlə maraqlanıb.
Bu yaş qrupunda futbol sadəcə qol vurmaq deyil, idmançını həm də həyata hazırlanmaq deməkdir.
Baş Məşqçi Tural Hüseynov əsas məqsədin inkişaf olduğunu söyləyib: "Bizim üçün U-12 Liqasında əsas hədəf nəticə yox, inkişafdır. Bu yaşda uşaqlar hələ də futbolun fundamental prinsiplərini öyrənirlər. Topa nəzarət, düzgün ötürmə, komanda işi və ən əsası futbola olan sevgini aşılamaq prioritetimizdir. Məşqçi olaraq onların həm fiziki, həm də psixoloji cəhətdən sağlam böyüməsinə cavabdehik”.
O, komanda daxilində istedadlı uşaqların olduğunu deyib: “U-12 yaş qrupu uşaqların ən çevik inkişaf dövrüdür. Bu yaşda futbola münasibət formalaşır. Biz onların həm texnikasını artırırıq, həm də oyun intellektini inkişaf etdiririk. Hər uşaqda potensial var. Əsas məsələ onun üzə çıxması üçün doğru şərait yaratmaqdır”.
Meydançadan kənara baxanda da bu yanaşma hiss olunur. Uşaqlar arasında həm intizam, həm də motivasiya var. Komanda daxilində rəqabət olsa da, məşqçilər xüsusi diqqət yetirir ki, bu rəqabət sağlam şəkildə davam etsin.
Məşqçi heyəti hər məşqin əvvəlində qısa, aydın izahlar verir, sonra uşaqlar çalışmanı özləri analiz edir. Məqsəd onların “şablonla” deyil, situasiyanı dəyərləndirərək oynamasıdır.
Komanda bu mövsüm AFFA U-12 Liqasının ən çalışqan və potensiallı kollektivlərindən biri kimi göstərilir. Məşqlərdə sərgilənən iradə və uşaq futbolçuların dinamizmi göstərir ki, “Capital Baku” yaxın illərdə də adından söz etdirəcək.
Baş məşqçi Tural Hüseynov isə gələcəyə ümidlə baxır: “Bizim məqsədimiz uşaq liqasında qalib gəlməkdən daha böyükdür. Əsas istəyimiz bu uşaqların gələcək kariyeraları üçün düzgün baza yaratmaqdır. “Capital Baku” onların ilk məktəbidir, son dayanacaq deyil.”
“Capital Baku” komandası təkcə bir futbol məktəbi deyil, burada uşaqlar həm komanda ruhunu, həm məsuliyyəti, həm də peşəkar oyunun əsaslarını öyrənirlər. Bu komanda və məşqçi heyəti ilə AFFA U-12 Liqasında parlaq nəticələr görmək heç də uzaqda deyil.