Cəbrayıl rayonunun Horovlu kəndi
Bakı, 24 iyul, AZƏRTAC
Cəbrayıl rayonunun Horovlu kəndi eyniadlı inzibati ərazidə, düzənlikdə yerləşir. Bu yaşayış məntəqəsini XVIII əsrin əvvəllərində Cənubi Azərbaycanın Horov kəndindən gələn ailələr saldığı üçün kənd belə adlandırılıb. Kənd əhalisinin əsas məşğuliyyət sahəsi üzümçülük idi. Bundan başqa, kənddə heyvandarlıq, taxılçılıq, şərabçılıq da inkişaf etmişdi.
Horovlu kəndinin ərazisində bir sıra tarixi-dini abidələr, o cümlədən Cinlitəpə yaşayış yeri, “Çələbi ocağı” və “Qarı ocağı” ziyarətgahları yerləşirdi.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də Horovlu kəndini işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.