CƏMİYYƏT
Cəlil Xəlilov: COP29-un Bakıda keçirilməsi QHT-lərin də üzərinə böyük məsuliyyət qoyur
![Cəlil Xəlilov: COP29-un Bakıda keçirilməsi QHT-lərin də üzərinə böyük məsuliyyət qoyur](/files/2023/3/1200x630/1702981891571033587_1200x630.jpg)
Bakı, 19 dekabr, AZƏRTAC
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi qərarı hər şeydən əvvəl ölkəmizə göstərilən beynəlxalq etimadın nəticəsidir”.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Təşkilatın sədr müavini qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə olan beynəlxalq etimad və inamın daha da atmasının sübutudur: “Müasir dünyamızı narahat edən əsas problemlərdən ən ümdəsi ekoloji məsələlər - iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşma prosesidir. Son on il ərzində dünyada bu problemlərin həlli istiqamətində müəyyən addımlar atılsa da, ekoloji problemlərin effektiv həlli dünya dövlətlərinin birgə fəaliyyətini zəruri edir. Bu baxımdan ümumilikdə COP29-un təşkili dünyamızın ekoloji problemlərin həlli istiqamətində birlik sərgiləməsi baxımından önəmlidir. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı apardığı mübarizədəki müstəsna rolundan xəbər verir. Odur ki, tədbirin məhz Bakıda keçirilməsi bizim üçün qürurvericidir”.
Onun sözlərinə görə, tədbir bir çox qurumlar kimi, vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət qoyur: “Belə böyük, möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi bir sıra qurumlar, eləcə də QHT-lər qarşısında böyük məsuliyyət qoyur. QHT-lər yaranmış vəziyyətdən istifadə edərək Azərbaycanda ekologiyanın yaxşılaşması, təbiətin qorunması istiqamətində dövlətimizin gördüyü işlərlə yanaşı, ermənilərin 30 il ərzində həyata keçirdiyi ekoloji cinayətlər haqqında beynəlxalq birliyi ətraflı şəkildə məlumatlandırmalı, erməni faşizminin cinayətlərini ifşa etməlidir. Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi ekoloji layihələr, xüsusilə də “yaşıl enerji” siyasəti, bu siyasətin regional və qlobal əhəmiyyəti beynəlxalq birliyin diqqətinə çatdırılmalıdır. Biz çalışmalıyıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bu sahədə gördüyü işlər haqqında dünya xalqlarına daha çox məlumat verək, ölkəmizin dünyanın gələcəyi uğrunda ortaya qoyduğu mübarizə ilə ətraflı tanış edək”.
C.Xəlilov Fransanın COP29 tədbirinin Azərbaycanda keçirilməsinə maneçilik törətmək cəhdini də tənqid edib: “Fransa Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan siyasəti yürütməyə başladı ki, məlum siyasət bu gün də davam edir. Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsini heç cürə həzm edə bilməyən Fransa COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxmaqda, yeni təxribata can atmaqdadır. Ancaq rəsmi Paris başa düşməlidir ki, onun indiyə qədərki təxribatları kimi, bundan sonrakı təxribatları da heç bir nəticə verməyəcək. Ölkəmiz haqqındakı böhtan və iftiralar beynəlxalq birliyin Azərbaycana olan etimadını azaltmayacaq, əksinə, Fransanın öz imicinə öldürücü təsir göstərəcək.
Müasir Azərbaycan dünyada söz sahibi olan dövlətdir. Mövcud proseslər göstərir ki, dövlətimizin bu mövqeyi daha da möhkəmlənməkdədir”.