Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Məzun günü”
Bakı, 30 iyun, AZƏRTAC
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Məzun günü” tədbiri təşkil olunub.
Bu barədə AZƏRTAC-a Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzindən bildirilib.
Tədbirdə çıxış edənlər ölkədə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən islahatlardan, dövlət dəstəyindən, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının əhəmiyyətindən və gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Bildirilib ki, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və müasir tədris mühitinin formalaşdırılması bu sahəyə marağın artmasına mühüm töhfə verir.
Qeyd olunub ki, 2025–2026-cı tədris ili üzrə qəbul planına əsasən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə 452 tələbə qəbul olub və ümumi qəbul planı 84 faiz dolub. Hazırda mərkəzdə 31 ixtisas üzrə 842 tələbə təhsil alır. Cari tədris ilində isə 389 tələbə məzun adını qazanıb.
Tədbirin bədii hissəsində məzunların hazırladıqları musiqi və rəqs nömrələri təqdim olunub.
Sonda təhsil və ictimai fəaliyyətlərində fərqlənən məzunlara diplom və təşəkkürnamələr təqdim edilib.