“Cəmiyyət və informasiya: nəzəri-siyasi aspektlər və təcrübə” kitabı çapdan çıxıb
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Xalid Niyazovun “Cəmiyyət və informasiya: nəzəri-siyasi aspektlər və təcrübə” adlı kitabı “ELM” nəşriyyatı tərəfindən çap edilib.
AZƏRTAC xəbər verir ki, kitabda Azərbaycanın informasiya sahəsində dövlət siyasətinin vəzifə və xüsusiyyətləri şərh olunur, cəmiyyətin informasiyalaşmasına təsir edən amillər nəzərdən keçirilir, dövlət informasiya siyasətinin həyata keçirilməsində media təsərrüfatının rolu araşdırılır.
Müasir dövrdə informasiyanın strateji əhəmiyyətinə görə insan və cəmiyyət həyatında əlahiddə mövqelərə yiyələnməsi, ilk növbədə, XX əsrin ortalarından informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə start götürmüş mötədil inqilabla şərtlənir. Xüsusilə də elektron kütləvi informasiya vasitələrinin, habelə qısa zamanda hiperinformasiya məkanına çevrilmiş internetin kosmik inkişaf tempi informasiyanın təkcə ictimai münasibətlər sistemində deyil, ümumən sosial-iqtisadi həyatın ən müxtəlif sahələrində - biznesdə, beynəlxalq iqtisadi və siyasi əlaqələrdə, elm və təhsildə, qlobal təhlükəsizlik məsələlərində rolunu görünməmiş dərəcədə gücləndirib, informasiyalı cəmiyyətə sürətli keçid prosesini təmin edib.
Eyni müstəvidə informasiya təhlükəsizliyi, onun təminatı və bu cür təhlükələrə qarşı etibarlı informasiya sipərinin yaradılması məsələləri, eləcə də nəzərdən keçirilən problemlərin hüquq platformasında tənzimlənməsi məsələləri aktuallaşır ki, təqdim olunan kitabda həmin suallara cavab axtarılıb.
Kitaba daxil edilmiş elmi məqalələrdə izlənilən bir xətt də ondan ibarətdir ki, biz cəmiyyətin ifrat siyasiləşdiyi və müxtəlif kontentli informasiya axınlarının gücləndiyi bir dövrdə yaşayırıq. Belə bir cəmiyyətin səciyyəvi özəlliklərini təcəssüm etdirən informasiya-siyasi mühitdə hər bir aktor malik olduğu konkret qabiliyyətləri nümayiş etdirərək öz fərdi təcrübəsini formalaşdırır. Lakin siyasi kommunikasiyanın bütün iştirakçılarına - qrup, partiya, vətəndaş zümrələri və institutlara ən böyük təsiri cəmiyyətdə nəhəng informasiya istehsalçısı olan dövlət özünün informasiya siyasəti üzərindən göstərir.
Təqdim edilən toplunun əsas qayəsini, həmçinin vahid, lokomotiv ideya ətrafında müasir cəmiyyətdə dövlət informasiya siyasətinin ən müxtəlif aspektlərinin təhlili, onun müxtəlif institutlarla qarşılıqlı əlaqəsinin nəzərdən keçirilməsi, hüquqi tənzimetmə aparatının müəyyənləşdirilməsi, konvergensiya, rəqəmsallaşma, qloballaşma, diversifikasiya və modernləşmə kimi paradiqmal proseslərin fonunda vətəndaş cəmiyyəti və informasiya cəmiyyəti kimi meqaideyaların təşəkkülü və onların informasiya siyasəti ilə bağlılığı məsələlərinin öyrənilməsi təşkil edir.
Tədqiq edilən mövzu Azərbaycan siyasətşünaslıq elmi üçün nisbətən yeni olduğu üçün elmi əsərlərdə informasiya siyasətinin politoloji analizi və reallaşdırılmasının üsul və vasitələrinin öyrənilməsi xüsusi önəm kəsb edir.
Kitabın elmi məsləhətçisi siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Hikmət Babaoğlu, elmi redaktoru fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə, rəyçiləri fəlsəfə üzrə elmlər doktoru, professor İzzət Rüstəmov və siyasi elmlər doktoru Vüqar Rəhimzadədir.