Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü təntənəli surətdə qeyd edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müəllim və kursant heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov Beynəlxalq Müəllimlər Günü münasibətilə pedaqoji kollektivi təbrik edib.
Hərbi liseyin bir qrup müəllimi kursantların vətənpərvərlik ruhunda tərbiyəsində əldə etdiyi nailiyyətlərə, şərəfli peşə borcunu layiqincə yerinə yetirdiyinə görə rəhbərlik adından təşəkkür və fəxri fərmanlarla təltif olunub.
Sonda Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.