Cənubi Koreyada meşə yanğınları 40-dan çox tikilini məhv edib
Pekin, 11 aprel, AZƏRTAC
Cənubi Koreyanın şimal-şərqində yerləşən Kannın şəhəri ərazisində qeydə alınan meşə yanğını 40-dan çox fərdi evi və digər tikilini, 103 hektar ərazidə ağacları məhv edib.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, güclü yanğın nəticəsində 303 sakin, habelə 700-dən çox turist daha təhlükəsiz ərazilərə təxliyə edilib, 15 məktəbdə tədris dayandırılıb.
Meteorologiya qurumu Kannının Nanqok-donq rayonunda səhər saatlarında başlayan və sürəti saniyədə 30 metrə çatan küləyin, habelə quru havanın təsiri ilə güclənən yanğınla əlaqədar xəbərdarlıq elan edib. Yanğın qısa vaxtda rayonun yaşayış zonasına yaxınlaşıb, fərdi evlərə, inzibati binalara, otellərə ziyan vurub. Son məlumata əsasən, bir nəfər həlak olub.
İlkin ehtimala əsasən, yanğına güclü küləyin aşırdığı şam ağacının yüksəkgərginlikli elektrik xətlərinə toxunması səbəb olub.
Hazırda ərazidə 1400-dən çox yanğınsöndürən, 200 ədəd müxtəlif texnika təbii fəlakətlə mübarizəyə cəlb edilib. Əməliyyatlara 6 helikopter cəlb edilsə də, güclü küləyə görə onlar geri qayıtmalı olub.
Cənubi Koreya Prezidenti Yun Sok Yol yanğının ən qısa zamanda söndürülməsi üçün səlahiyyətli qurumlara səfərbər olunması barədə tapşırıq verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin