CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİ PARLAMENT SƏDRLƏRİ GƏLƏN AY VERSALDA GÖRÜŞƏCƏKLƏR
Murtuz Ələsgərov demişdir ki, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər münasibətlərimizin inkişafının hüquqi bazasını təşkil etmişdir.
Parlamentlərarası əlaqələrimiz də istənilən səviyyəyə çatmışdır. Milli Məclisin sədri qeyd etmişdir ki, Fransa Senatının sədri Kristian Ponsöle ilə keçirdiyi görüşlərdə ikitərəfli əməkdaşlığın yolları müzakirə olunmuşdur. Bundan başqa Ponsölenin təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri parlament sədrlərinin görüşləri keçirilmiş və regiondakı problemlərin həlli yolları barədə fikir mübadiləsi aparılmışdır. Növbəti görüşün iyulun 8-də Versalda keçirilməsi qərara alınmışdır.
Parlamentin sədri Murtuz Ələsgərov səfir Şantal Puareyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Azərbaycanla Fransa arasında əlaqələrin genişlənməsində dövlət başçılarının rolu barədə Murtuz Ələsgərovun fikirləri ilə razı olduğunu vurğulayan Şantal Puare, həmin siyasi kursun bu gün də uğurla davam etdirilməsindən məmnun qaldığını bildirmişdir. Səfir demişdir ki, onun ölkəsi də Azərbaycanla münasibətlərin genişlənməsində maraqlıdır və bunun üçün əlindən gələni edir. Onun sözlərinə görə, bu ilin sentyabrında Parisdə Azərbaycan rəssamlarının əsərlərinin sərgisi açılacaqdır. Noyabr ayında isə Bakıda Fransa Mədəniyyət Mərkəzinin açılışı olacaqdır. Bu tədbirdə senatın Cənubi Qafqaz ölkələri ilə dostluq qrupunun sədri Ambruaz Düpon iştirak edəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.