Çexiya Yazıçılar Birliyinin azərbaycanlı üzvü: Azərbaycanla Çexiya arasında mədəni və tarixi paralellər dərinləşir
Bakı, 27 aprel, AZƏRTAC
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri Azərbaycan-Çexiya münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər siyasi dialoqun, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Çexiya Yazıçılar Birliyinin azərbaycanlı üzvü, Praqada fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Leyla Begim səsləndirib.
Onun sözlərinə görə, son illərdə iki ölkə arasında münasibətlər ardıcıl və dinamik şəkildə inkişaf edir. Bu prosesdə Çexiyada yaşayan azərbaycanlı icmanın rolu xüsusi əhəmiyyət daşıyır. Diaspor nümayəndələri milli-mədəni kimliyin qorunması ilə yanaşı, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və tarixinin təbliğində fəal iştirak edirlər.
“Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2024-cü ilin noyabr ayından etibarən Praqada Azərbaycan Mədəniyyət Evi layihəsi həyata keçirilir. Layihəmiz Azərbaycan dövləti tərəfindən daim dəstəklənir. Əsas istiqamətlərdən biri Azərbaycan dilinin tədrisinə yönəlmiş bazar günü məktəbinin fəaliyyətidir. Məqsədimiz həm də iki xalqın mədəniyyətində əks olunan ümumbəşəri dəyərlərin ortaq mədəni layihələr vasitəsilə təqdim edilməsidir. Bu kontekstdə Azərbaycan və Çexiya arasında yalnız mədəni deyil, həm də tarixi-mənəvi paralellər mövcuddur: hər iki ölkə 1918-ci ildə müstəqil demokratik dövlət quruculuğu təcrübəsi yaşayıb. Eyni zamanda, İmadəddin Nəsimi və Jan Hus kimi fikir və humanist ənənə formalaşdırmış şəxsiyyətlərin irsi bu yaxınlığı daha da dərinləşdirir. Mən həm Çexiyanın və Azərbaycanın yazıçılar birliklərinin üzvüyəm, həm də Praqada fəaliyyət göstərən “Natəvan Cəmiyyəti”nə rəhbərlik edirəm. Bu istiqamətdə də uğurlu tədbirlərimiz olur”, - deyə Leyla Begim bildirib.
Soydaşımız qeyd edib ki, bu ideya xətti layihənin mədəni fəaliyyətində də öz əksini tapır. Azərbaycan xalçası ilə çex kristalını birləşdirən sərgi, Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş tamaşa, ədəbi gecələr, kitab təqdimatları, həmçinin rəsm, kukla sərgiləri və rəqs dərsləri həyata keçirilir. Novruz və çex Pasxası – Velikonoce ənənələrinin birləşdirildiyi layihələr xüsusilə maraq doğurur.
“Bu ildən Azərbaycan Mədəniyyət Evi 100-ə yaxın yaşı olan Çexoslovakiya Xarici Əlaqələr İnstitutu ilə sıx əməkdaşlıq edir. Hazırda birgə layihələr çərçivəsində Nobel dövründə Bakıda fəaliyyət göstərmiş çex mühəndisinin nadir əsərinin yenidən nəşri üzərində iş aparılır.
Bu cür artan əməkdaşlıq perspektivləri fonunda inanırıq ki, yaxın gələcəkdə Praqada Azərbaycan Mədəniyyət Evinin ayrıca, daimi fəaliyyət məkanının yaradılması mümkün olacaq. Eyni zamanda, Bakıda Avropa Mədəniyyət Mərkəzinin təsis olunması iki ölkə arasında mədəni dialoqun daha da genişlənməsinə xidmət edəcək”, - deyə Leyla Begim vurğulayıb.
Müxbir - Ceyhun Xəlilov