Çikaqoda baş verən iğtişaşlar nəticəsində iki nəfər həlak olub
Bakı, 2 iyun, AZƏRTAC
ABŞ-ın Çikaqo şəhəri ətrafında Afrika əsilli amerikalı Corc Floydun qətli ilə bağlı baş verən iğtişaşlar nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə xəsarət alıb.
AZƏRTAC WGNTV telekanalına istinadla xəbər verir ki, insident Sisero şəhərciyində qeydə alınıb. Həmçinin iyunun 1-də Çikaqo ətrafında keçirilən nümayişlərin gedişində azı 60 nəfər polis tərəfindən saxlanılıb. Şəhərcikdəki iğtişaşlarda digər yaşayış məntəqələrindən gələn insanların da iştirak etdiyi bildirilir.
Qeyd edək ki, Afrika əsilli amerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra Minneapolis və digər şəhərlərdə kütləvi iğtişaşlar başlayıb. İnsidentdən sonra polislərdən dördü işdən çıxarılıb, birinə isə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi açılıb. Buna baxmayaraq, ölkədə etirazlar səngimir.
ABŞ polisi son bir neçə gün ərzində davam edən etiraz aksiyalarının gedişində 4 mindən çox nümayişçini saxlayıb. Həmin şəxslərə talançılıq, komendant saatı qaydalarının pozulması, yolların bağlanması ittihamları irəli sürülüb.
Kütləvi etiraz aksiyaları səbəbindən ABŞ-ın onlarla şəhərində komendant saatı tətbiq olunub. Onların arasında Kaliforniya ştatının Los-Anceles və San-Fransisko, İllinoys ştatının Çikaqo, Corciya ştatının Atlanta, Kolorado ştatının Denver və Vaşinqton ştatının Sietl kimi böyük şəhərləri var.
ABŞ Milli Qvardiyası 15 ştatda, həmçinin Kolumbiya federal dairəsində yüksək hazırlıq səviyyəsinə gətirilib. Qvardiyanın 5 minə yaxın əməkdaşı asayişin qorunmasına cəlb edilib.