Çin ABŞ-nin iki strukturuna və onların əməkdaşlarına sanksiya tətbiq edib
Bakı, 7 aprel, AZƏRTAC
ÇXR Xarici İşlər Nazirliyi “vahid Çin” prinsipini pozduqlarına görə, Birləşmiş Ştatların iki strukturuna - Hudson İnstitutuna və Reyqan Kitabxanasına qarşı sanksiya tətbiq edib.
AZƏRTAC xəbər verir ki, hər iki struktur separat fəaliyyəti üçün Tayvan administrasiyasının rəhbəri Tsay İnvenə platforma təqdim etməkdə ittiham olunur. Pekinin fikrincə, bu mövqe “vahid Çin” prinsipini pozur və ölkənin suverenliyinə ciddi zərər vurur.
Sanksiyalar Çinin bütün təşkilatlarına və vətəndaşlarına həmin qurumlarla işgüzar əlaqələri, mübadiləni və əməkdaşlığı qadağan edir. Həmçinin institutun və kitabxananın bəzi əməkdaşları da sanksiyalara məruz qalıb. Onların Çin ərazisinə girişi qadağan edilib.
Qeyd edək ki, Tsay İnven martın 29-dan 31-nə və aprelin 4-dən 6-na qədər tranzitlə ABŞ ərazisində olub və Amerika Konqresinin Nümayəndələr Palatasının nümayəndəsi Kevin Makkarti ilə görüşüb.
“Pekin Birləşmiş Ştatların və Tayvanın qanunsuz fəaliyyətlərinə cavab olaraq milli suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətli tədbirlər görəcək. Tayvan məsələsi Çinin əsas maraqlarının nüvəsini təşkil edir və o, ABŞ-Çin münasibətlərində qırmızı xətdir”, - deyə XİN-dən bildiriblər.