DÜNYA
Çin alimləri meşə yanğınlarının iqlim dəyişikliyinə təsirini araşdırıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Çin alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu ekstremal yanğınlardan sonra yerüstü səthin istiləşməsi prosesinin gücləndiyini bildirib. Onların meşə yanğınlarının ekosistemə və iqlim dəyişikliyinə təsirləri ilə bağlı məqaləsi “Nature” jurnalında dərc olunub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, tədqiqat qrupunun lideri – Çinin Şimal-Qərb Universitetinin professoru Yue Çao bildirib ki, iqlimin istiləşməsi tez-tez baş verən, geniş yayılmış və intensiv hal alan ekstremal meşə yanğınları hadisələri tendensiyasına gətirib çıxarıb. Onun sözlərinə görə, getdikcə artan meşə yanğınlarının yerüstü iqlimə təsiri lazımi səviyyədə öyrənilməyib. Çinli alim əlavə edib: “Biz peyk müşahidələri vasitəsilə şimaldakı meşələrdə yanğının miqyası və gələcək onilliklər ərzində onun törədəcəyi fəsadlar ilə əlaqədar qiymətləndirmə apardıq”.
Tədqiqata əsasən, ekstremal yanğınlar nəticəsində yaranan səthin istiləşməsi meşələrin bərpası imkanlarına və onların növ tərkibinə təsir edir, habelə əbədi donun deqradasiyasını gücləndirir, torpaqdan üzvi karbonun ayrılmasını sürətləndirir. Yəni, son illər artan yanğınlar qlobal istiləşməni daha da gücləndirəcək və bu, öz növbəsində, daha çox ekstremal yanğınlara səbəb olacaq. Beləliklə, mənfi zəncirvari dövrə yaranacaq.
Alimlər aşkar ediblər ki, enliyarpaqlı ağacların sayının çoxalması ilə səthin istiləşməsi azalır, buna görə də onların nisbətinin müvafiq şəkildə artırılması yanğınların səbəb olduğu iqlim riskini azalda bilər.
Yue Çao bildirib ki, nəticələr ekstremal yanğınların ekoloji və iqlim təsirlərinin elmi anlayışının aktuallığını, iqlim risklərinin qarşısının alınması və idarə edilməsinin vacibliyini göstərir, həmçinin gələcəkdə bu prosesi proqnozlaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.