Çin KİV-ləri azərbaycanlı xalçaçı-rəssam haqqında
Bakı, 23 noyabr, Türkan Rüstəmova, AZƏRTAC
Çinin artjingya.com və sina.com.cn saytlarında azərbaycanlı xalçaçı-rəssam Faiq Əhmədin sənət dünyası haqqında geniş məqalələr yer alıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə xalçaların naxış və strukturuna dəyişiklik etməklə qədim Azərbaycan sənətinə yenilik gətirən istedadlı xalçaçı-rəssamın əsərlərindən söz açılır. Bildirilir ki, onun əsərlərində insanın gördüyü ənənəvi xalça sənətindən fərqli, yeni bir üslub özünü göstərir. İnsan bir anlıq divardan asılmış xalçanın “əriyib” yerə sərilməsinin şahidi olur.
Faiq Əhməd deyib: “Tarixi dəyərlərə və qədim xalçaçılıq sənətinə böyük marağım var. Düşünürəm ki, xalça naxışlarını hər bir ölkənin mədəniyyətində tapmaq olar, naxışlar biri-birinə çox bənzəsələr də heç də eyni olmurlar. Mən naxışları sözlərə və ifadələrə bənzədirəm. Bunları hər bir insanın anlaya biləcək dilə çevirmək mümkündür”.
Məqalədə qeyd olunub ki, rəssam Bakı şəhərində yaşayır və yaradır. O, 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu olub, İtaliyada “Omnia Mutantur, Nihil Interit” adlı fərdi sərgisi açılıb, 52-ci Venesiya Biennalesinin, eləcə də Paris, London, Berlin, Moskva, Dubay və digər şəhərlərdə təşkil olunan beynəlxalq sərgi və festivallarda iştirak edib.