Çin sərnişinlərin COVID-19-a yoluxması səbəbindən Qahirə-Çengdu aviareysini dayandırıb
Qahirə, 2 iyul, AZƏRTAC
Çin “Siçuan Hava Yolları”nın Qahirə-Çengdu aviareysini dayandırıb. Aviaşirkətə məxsus təyyarənin göyərtəsində COVID-19-a yoluxmuş 6 sərnişin olub. Ötən həftə də Çinin “Cənub Hava Yolları” aviaşirkətinin Dəkkədən Quançjouya həyata keçirilən aviareysləri bir ay müddətində təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, pandemiyanın tüğyan etdiyi bir vaxtda Misir hökuməti dilemma qarşısında qalıb. Səhiyyə Nazirliyinin son məlumatına görə, iyulun 1-də ölkədə COVID-19-a 1503 nəfər yoluxub, 81 pasiyent isə həyatını itirib. Artıq Misirdə yeni növ koronavirusa yoluxanların ümumi sayı 70 minə çatıb, 3 mindən çox insan isə vəfat edib. Bu mürəkkəb şəraitdə ümumi daxili məhsulun 14 faizini təşkil edən turizm sektorunun yenidən fəaliyyətə başlaması pandemiya ilə əlaqədar şəraiti daha da pisləşdirə bilər. İyunun 1-də Misirin Şarm əl-Şeyx və Xurqada kurortları Ukraynadan 182 və 175 nəfərlik iki turist heyətini qəbul edib. Qahirə Beynəlxalq Hava Limanının da fəaliyyəti bərpa olunub.
Misir bu addımları getdikcə pisləşən iqtisadi vəziyyətin fonunda atıb. Beynəlxalq Valyuta Fondundan 5,2 milyard dollar kredit alacaq hökumət əhali üçün elektrik enerjisinin qiymətini 20 faiz artırıb, ölkədə istehlak mallarının və xidmətlərin də bahalaşması müşahidə edilir.
Analitiklər ümid edirlər ki, turizm sektorunun yenidən fəaliyyətə başlaması pandemiya ilə bağlı vəziyyətin daha da ağırlaşmasına səbəb olmayacaq. Çinin aviareysləri dayandırması bu sahədə addımların atılmasının hələ tez olduğunu göstərir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə