Çin Tayvanın “müstəqilliyi” ilə bağlı istənilən fəaliyyətə dözümsüzlük nümayiş etdirəcək
Pekin, 5 mart, AZƏRTAC
Çin Tayvanın “müstəqilliyi” ilə bağlı istənilən separatçı fəaliyyətə qarşı dözümsüzlük nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan martın 5-də Pekində işə başlayan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) ilk sessiyasında hökumətin hesabatını təqdim edərkən deyib.
Li Keçyan bildirib ki, Çin hökuməti ölkənin suverenliyinin və ərazi bütövlüyünün təminatı məsələsində mövqeyi qətidir. Biz “Vahid Çin” prinsipini rəhbər tutaraq, Çinin sülh yolu ilə birləşməsinə çalışacağıq.
Baş nazir Çinin Tayvan ilə iqtisadi və mədəni əməkdaşlığı və mübadiləni genişləndirməklə ada sakinlərinin ölkənin materik hissəsindəki əhali ilə eyni səviyyədə təhsil, biznes və yaşayış imkanlarından yararlanmalarına imkan yaradacağını deyib.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində baş verən vətəndaş müharibəsində Mao Cedonun başçılıq etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintana qalib gələrək ölkədə hakimiyyətə gəlib və Çin Xalq Respublikasını elan ediblər. “Vahid Çin” prinsipinə uyğun olaraq, Çin Xalq Respublikası Tayvanın ÇXR-in tərkib hissəsi olduğunu bildirib.
Azərbaycan “Vahid Çin” siyasətini dəstəkləməklə, Tayvanı ÇXR-in tərkib hissəsi kimi qəbul edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin