“China Southern” sərnişinlərini Azərbaycanın turizm imkanlarını görməyə çağırır
Pekin, 22 sentyabr, AZƏRTAC
Dünyada daşınan insanların sayına görə 4-cü, Asiyada isə birinci (ildə 100 milyondan çox) aviasiya şirkəti olan “China Southern”in sərnişinləri üçün nəzərdə tutulan “Nihao” jurnalının sentyabr buraxılışında Azərbaycanın turizm imkanlarına dair məqalə çap olunub.
AZƏRTAC xəbər verir ki, hər gün dünyada və Çin daxilində 208 məntəqəyə 2 mindən çox uçuş həyata keçirən “China Southern”in nəşrində ölkəmizin turizm potensialı, tarixi abidələri, görməli yerləri barədə məlumat verilib. Bildirilir ki, tarixi İpək yolu üzərində vacib ölkələrdən olan Azərbaycanda ən qədim insan yaşayış məskənlərindən olan Qobustan Dövlət Qoruğu, “İçərişəhər” Dövlət Tarix Qoruğu, Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi, Şəki Xan sarayı, Kiş kəndindəki Alban xristian kilsəsi, qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsi olan Lahic qəsəbəsi, habelə müasir dövrün diqqət çəkən memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzi xarici turistlər üçün xeyli maraq doğuran məkanlardır. Bundan başqa, məqalədə ölkəmizin təbii zənginliyi, dağ-meşə və dəniz turizm imkanlarından da söz açılıb.
Qeyd edək ki, “China Southern” şirkətinin həftədə iki dəfə Urumçi-Bakı-Urumçi reysi fəaliyyət göstərir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin