DÜNYA
Çində 26 il əvvəl oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub VİDEO
Pekin, 9 iyun, AZƏRTAC
Çində 26 il əvvəl uşaqkən oğurlanmış şəxs yenidən valideynlərinə qovuşub.
AZƏRTAC xəbər verir ki, kədərli ailə hekayəsinin xoşbəxt sonu Şenyan şəhərində baş verib. Hekayə isə belə başlayıb: 1995-ci ildə Quyyan şəhərindəki parkda oynayan 7 yaşlı Siao Cieni və onun bir neçə dostunu naməlum şəxslər aldadaraq qaçırıblar. Valideynlərin uzun müddət axtarışları nəticə verməyib. Amma Çində itkin düşən ailə üzvlərinin tapılması üçün son illər ölkə səviyyəsində aparılan xüsusi əməliyyat zamanı Siao Cienin DNK analizi götürülüb. Ailə üzvlərini axtaranların DNK analizlərinin nəticələrinin üzləşdirilməsi prosesində Siao Cienin valideynləri müəyyən olunub.
Uzun illərdən sonra Siao Cie valideynləri ilə Şenyan şəhərində görüşüb.
Qeyd edək ki, Çin polisi həmin əməliyyat çərçivəsində indiyədək itkin düşmüş, uşaqkən qaçırılmış və oğurlanmış 1680 nəfəri aşkarlayıb və ya xilas edib. Onlardan biri 54 il əvvəl zorla ailəsindən ayrılmış şəxs olub. Polis yanvardan bəri uşaq oğurluğu və ticarəti ilə bağlı çoxdan qalan 85 işi açıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin