DÜNYA
Çində ölkənin azadlığı və tərəqqisi uğrunda canlarından keçənlərin xatirəsi yad edilir
Pekin, 30 sentyabr, AZƏRTAC
Çin Xalq Respublikasında (ÇXR) sentyabrın 30-da qeyd olunan Şəhidlər günündə ölkənin azadlığı və tərəqqisi uğrunda həlak olanların xatirəsi yad edilir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə ÇXR Sədri Si Cinpin başda olmaqla, ölkənin siyasi rəhbərliyi paytaxt Pekinin Tiananmen meydanındakı Xalq Qəhrəmanları Abidəsini ziyarət edib. Mərasimdə rəsmi şəxslərlə yanaşı, müharibə veteranları, Çin uğrunda döyüşlərdə həlak olanların doğmaları, müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunmuş şəxslər, tələbə və uşaqlar iştirak ediblər.
Mərasim iştirakçıları Çinin dövlət himnini oxuyandan sonra, Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra abidənin önünə əklillər qoyulub.
Qeyd edək ki, Çin qanunverici orqanının 2014-cü ildə qəbul etdiyi qərara əsasən, sentyabrın 30-u ölkədə Çinin azadlığı və tərəqqisi uğrunda canlarından keçənlərin xatirəsi günü kimi qeyd olunur. Rəsmi məlumata əsasən, Çin xalqı ölkənin azadlığı və suverenliyi uğrunda döyüşlərdə 20 milyon qurban verib. Ölkədə COVID-19 pandemiyası ilə mübarizədə ölən 14 nəfərin adı da şəhidlər siyahısına salınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin