Çində Ümummilli Lider Heydər Əliyevin dil siyasəti ilə bağlı mühazirə oxunub
Pekin, 17 dekabr, AZƏRTAC
Çin İctimai Elmlər Akademiyasının təşkil etdiyi “Kəmər və yol: etnik regionların modernləşməsi” adlı beynəlxalq elmi konfransında Ulu Öndər Heydər Əliyevin dil siyasəti ilə bağlı mühazirə oxunub.
AZƏRTAC xəbər verir ki, 10-dan çox ölkədən təxminən 100 alimin iştirak etdiyi konfransda Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev mühazirəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dil siyasəti fonunda Azərbaycan dilinin inkişaf yolundan, müasir vəziyyətindən, həyata keçirilən siyasətin sosial və milli təsirlərindən danışıb, Ulu Öndərin dil siyasətinin xronologiyasını təqdim edib və bu siyasətin azərbaycançılıq məfkurəsinin formalaşmasındakı rolunu analiz edib. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tapması, saflığının qorunması, təkmilləşdirilməsi, dərindən tədqiqi və tətbiqi yönündə Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət danılmazdır. Hələ Sovet İttifaqı dövründə Azərbaycan dilinin Azərbaycan SSR-nin konstitusiyasında dövlət dili kimi əksini tapması Heydər Əliyev qətiyyətinin parlaq nəticəsi idi. Müstəqilliyimiz bərpa olunduqdan sonra ilk konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanları və digər qərarları doğma dilimizin əbədiyaşarlığı üçün sarsılmaz bünövrə yaradıb.
Diqqətə çatdırılıb ki, İlham Əliyev prezidentliyinin ilk illərindən Azərbaycan dilinin inkişafı və qorunması ilə bağlı bir çox mütərəqqi qərarlar qəbul edərək, Heydər Əliyevin başlatdığı uğurlu dil siyasətini məntiqi ardıcıllıqla davam etdirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin