ÇOXDAN GÖZLƏNİLƏN GÜN GƏLİB ÇATDI
“Tikintisinin bünövrəsi bu yaxınlarda qoyulan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri Gürcüstanın illərdən bəri xilas ola bilmədiyi ağır iqtisadi böhranın aradan qaldırılmasına, ölkədə minlərlə insanın işlə təmin edilməsinə, müstəqilliyimizin möhkəmlənməsinə təkan verəcəkdir”. Bu sözləri Gürcüstan Prezidenti Eduard Şevardnadze yanvarın 15-də Tbilisidə hökumətin geniş iclasında demişdir.
Dövlət başçısı bildirmişdir ki, BTC üçün Yaponiyadan alınan boruların ilk hissəsi Poti limanına gətirilmişdir.
Bununla əlaqədar Poti limanında təntənəli mərasim keçirilmişdir. Tədbirdə xarici ölkələrin Gürcüstandakı səfirliklərinin, beynəlxalq təşkilatların, BTC layihəsinin h əyata keçirilməsində iştirak edən şirkətlərin nümayəndələri iştirak edirdilər.
Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya mərasimi açarq, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi haqqında qərarın necə bir şəraitdə qəbul edilməsindən, kəmərin təkcə ərazisindən keçərək ölkələr üçün deyil, ümumən region üçün əhəmiyyətindən danışdı. Cənab Çanturiya bu qərarın qəbul olunmasında Azərbaycan Prezidenti Heydər Əliyevin xidmətlərini və yenilməz iradə nümayiş etdirdiyini xüsusi vurğuladı.
Azərbaycanın Gürcüstandakı səfiri Hacan Hacıyev Bakı-Tbilisi-Ceyhan neft kəmərinin regionda həm də əmin-amanlığın bərpa olunmasında, üç xalqın - Azərbaycan, gürcü və türk xalqlarının dostluğunun daha da möhkəmlənməsində, onların rifahının yaxşılaşmasında böyük rol oynayacağını bildirdi.
Sonra xarici şirkətlərin nümayəndələri də çıxış edərək, layihənin bütün iştirakçılarına uğurlar arzuladılar.
Mərasimdə bildirildi ki, boruların Gürcüstan ərazisindən Azərbaycana təhlükəsiz daşınması üçün xüsusi komissiya yaradılmışdır. Ona Gürcüstanın dövlət naziri Avtandil Corbenadze başçılıq edir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Poti