REGİONLAR
Cocuq Mərcanlı kəndində 400 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək
Cəbrayıl, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin suvarma suyu ilə təmin olunması üçün tikinti işləri davam etdirilir.
Tikintidə iş icraçısı Əfsər Ələkbərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkin sahələrinə Araz çayından suvarma suyunun verilməsi üçün nasos stansiyasının, su nəqledici kanalın və 2800 metr uzunluğunda təzyiqli boru kəmərinin tikintisi aparılıb. Hazırda 2137 metr uzunluqda beton kanal inşa olunur.
Həyata keçirilən işlər nəticəsində Cocuq Mərcanlı kəndinin 400 hektar, Mirzənağılı və Qazaxlar kəndlərinin isə 280 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.