ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutu ilə Rusiyanın Qroznı Dövlət Neft Texniki Universiteti arasında memorandum imzalanıb
Bakı, 1 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiya Federal Dövlət Büdcə Ali Təhsil Təşkilatı akademik M.D.Millionşikov adına Qroznı Dövlət Neft Texniki Universiteti arasında elmi tədqiqat, texnologiya və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Coğrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin baş direktoru professor Zakir Eminov, Rusiya Federasiyası Çeçenistan Elmlər Akademiyasının professorları Umar Qayrabekov və İbrahim Kərimov iştirak ediblər.
Memoranduma əsasən, iqlim dəyişikliyi və artan antropogen təzyiq şəraitində Xəzər dənizi hövzəsinin kiçik və orta çay hövzələrinin landşaftlarının geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi sahəsində birgə elmi tədqiqatların aparılması nəzərdə tutulub. Razılaşmaya görə, yeni proqramların həyata keçirilməsində qarşılıqlı yardım, məlumat və nəşrlərin mübadiləsi, konfrans və seminarların təşkili, tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, tərəflərin müvafiq resurslarından istifadə etməklə elm, texnologiya və təhsil sahəsində yeni biliklərin birgə əldə edilməsi və innovativ məhsul və xidmətlərin yaradılması həyata keçiriləcək.
Tərəflər Quba rayonunun Qaraçay hövzəsi boyu ekspedisiyada iştirak edəcəklər.