ELM VƏ TƏHSİL
Coğrafiyaçı alim ölkəmizin su təchizatının yaxşılaşdırılması yollarından danışıb

Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Azərbaycanın su hövzələrinin ekologiyası: gələcəyə baxış” mövzusunda lektoriya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, coğrafiya elmləri doktoru Vaqif Məmmədov məruzəsində Azərbaycanda su mənbələrinin elmi şəkildə tədqiq olunması tarixindən misallar gətirib, bu yolda inkişaf mərhələlərini xatırladıb. Bildirib ki, yerüstü suların tədqiqi 1860-cı ildə Bakı-Poti dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar çayların axımı və suvarma təsərrüfatının qiymətləndirilməsi məqsədilə dəvət olunmuş ingilis mühəndislərinin iştirakı ilə Kür və Araz çaylarında ilk suölçmə işləri ilə start götürüb. 1881-ci ildə isə Bakı şəhəri ətrafında içməli su mənbələrinin hidrogeoloji üsullardan istifadə olunmaqla axtarışına başlanılıb.
V.Məmmədov Azərbaycanın müasir su mənbələri və su ehtiyatları, buzlaqların su ehtiyatlarına təsiri, ölkəmizdə əsas su mənbəyi olan çaylar barədə müfəssəl məlumat verib. Məruzəçi bildirib ki, ölkəmizə il ərzində transsərhəd axımla 20,6 kubkilometr su daxil olur, amma cəmi 10,3 kubkilometr axım formalaşır. Azərbaycan ərazisinə il ərzində düşən 37,3 kubkilometr atmosfer yağıntısından 26,7 kubkilometri buxarlanmaya, 6 kubkilometri yerli səth axımına, 4,3 kubkilometri yeraltı suların formalaşmasına sərf olunur.
Məruzəçi, həmçinin qeyd edib ki, Dünya Təbii Ehtiyatlar İnstitutunun hesabatında hazırda içməli su qıtlığından daha çox əziyyət çəkən 13 ölkə sırasında Azərbaycanın da adı var. O, 2025-ci ilə kimi Yer üzərində içməli su çatışmazlığının ilbəil artmasına rəğmən 2030-cu ildə kəskin su qıtlığını istisna etməyib. Alim, həmçinin ölkəmizin su ehtiyatları və su təchizatının yaxşılaşdırılması yollarını da göstərərək diqqətə çatdırıb. Onun sözlərinə görə, dəniz suyunun duzsuzlaşdırılması, zəif minerallaşdırılmış kollektor sularının duzsuzlaşdırılması və buludlardan süni yolla yağış yağdırılması kimi üç alternativ su mənbəyi nisbətən perspektivli ola bilər.