ELM VƏ TƏHSİL
Coğrafiyanın müasir problemlərinə həsr olunmuş III beynəlxalq konfrans keçirilir
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” III beynəlxalq elmi-praktik konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən institutun direktoru professor Zakir Eminov elm və təhsilin inteqrasiyasının coğrafiyanın müasir problemlərinin həllinə kömək etdiyini bildirib. Qeyd edib ki, məhz bu baxımdan, həyata keçirilən tədbirlərin elmi əsaslarla hazırlanması, təbii-coğrafi şəraitin potensialının qiymətləndirilməsi məqsədəuyğundur.
İki gün davam edəcək konfransda iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri, torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri, Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi, landşaftlardan istifadənin müasir vəziyyəti barədə müzakirələr aparılacaq. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı, regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri, demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri, davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi, regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları, regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri barədə məruzələr dinləniləcək.