CON KENNEDİNİ MAFİOZLAR ÖLDÜRMÜŞLƏR?
“Sonuncu qurban” adlanan kitab yeni üzə çıxarılan sənədlərə əsaslanır və burada iddia olunur ki, 1963-cü il dekabrın 1-də Con Kennedi Kuba rəhbəri Fidel Kastronu devirmək məqsədi ilə ölkədə çevriliş edilməsini və bundan sonra ABŞ silahlı qüvvələrinin adaya müdaxiləsini planlaşdırmışdı.
Kitabın müəllifləri Lamar Uoldron və Tom Hartmann əmindirlər ki, mafiya bu plandan xəbər tutmuş və onun nümayəndələri çevriliş təşkilatçılarının sıralarına daxil olmuş, sonra da 1963-cü il noyabrın 22-də Kennediyə qəsd etmişlər.
Müəlliflər yazırlar ki, federal orqanlar qəsdin təhqiqində təkid etməmişlər, çünki bu, Kastroya qarşı sui-qəsd planının üstünü aça bilərdi. Güman olunduğuna görə, Kubada çevrilişin təşkilinə ABŞ-ın ədliyyə naziri, prezidentin qardaşı Robert Kennedi rəhbərlik edirdi.
Müəlliflər Prezident Kennediyə sui-qəsdin, habelə Tampaya səfər zamanı nəzərdə tutulan sui-qəsdin arxasında duran üç mafiozun adlarını da çəkirlər. Onların fikrincə, Kennedinin qatili Li Harvi Osvald mafiozların əlində oyuncaq idi. Kitabda Osvaldı güllələyən gecə klubunun sahibi Cək Rubinin mafiya ilə əlaqələrinə dair yeni sübutlar da gətirilir.
Lakin tənqidçilər kitabın əsas qənaətinin şübhəli olduğunu göstərirlər. O vaxt Pentaqona başçılıq etmiş Robert Maknamara bildirmişdir ki, Kennedinin ölümündən əvvəlki dövrdə Kubaya müdaxilə haqqında hər hansı plan olduğundan xəbəri yoxdur. Kastronun aradan götürülməsini və Kubada vaxtilə çox mənfəətli olmuş qumarxanaların yenidən açılmasını istəyən mafiyanın adada çevriliş cəhdlərinə əngəl törətməsi barədə fikirlər də, əslində, inanılmazdır. Belə ki, çevriliş mafiyanın çox həsrətində olduğu işin həyata keçirilməsinə gətirib çıxarardı.