SİYASƏT
COP29 - Azərbaycana olan böyük hörmətin və etimadın nümunəsi ŞƏRH
![COP29 - Azərbaycana olan böyük hörmətin və etimadın nümunəsi ŞƏRH](/files/2023/3/1200x630/1702995822259054870_1200x630.jpg)
Bakı, 19 dekabr, AZƏRTAC
Dünya dövlətləri tərəfindən COP29-un sessiyasının gələn il Azərbaycanda keçirilməsinə dair qərarın qəbul edilməsi Azərbaycan dövlətinə və onun rəhbərinə olan böyük hörmətin və etimadın nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
O bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu günbəgün artmaqdadır. Azərbaycanın müstəqil siyasət aparması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşması, eləcə də öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ölkəmizə hörməti artırıb.
COP29-un ölkəmizdə keçirilməsinin həm də böyük siyasi əhəmiyyəti olduğunu vurğulayan K.Əliyevanın sözlərinə görə, bu cür mötəbər tədbirin Azərbaycana həvalə edilməsi dünya dövlətlərinin ölkəmizə etimadının bariz nümunəsidir. Deputatın fikrincə, artıq hər kəs Azərbaycanda sabitlik olduğunu anlayır.
“Azərbaycan beynəlxalq hüququn prinsiplərinə və qanunlarına əsasən öz ərazisində antiterror tədbirləri keçirməklə suverenliyini bərpa etdi və separatizmin kökünü kəsdi. Bəzi Qərb dövlətləri, xüsusən Fransa ölkəmizə qarşı əsassız, qərəzli bəyanatlar səsləndirir və bu çirkin əməllərindən əl çəkmir. Artıq bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri də Azərbaycanın Qələbəsini qəbul edib və ölkəmizin haqlı mövqeyini dəstəkləyirlər. Ermənistan dövləti də bu reallığı qəbul edib və COP29 konfransının Azərbaycanda keçirilməsinin lehinə səs verib. Çox təəssüf ki, bəzi Qərb dövlətləri “ikili standart” siyasəti həyata keçirirlər. Azərbaycan isə hər zaman dünyada sülhün, ədalətin yanında olduğunu bəyan edir. Prezident İlham Əliyevin apardığı müdrik siyasətin nəticəsində artıq 4-cü ildir Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Dünyanın 120 ölkəsi yekdilliklə Azərbaycanın sədrliyini dəstəkləyib. Bu dəfə də dünya dövlətləri ölkəmizi dəstəklədi”, - deyə Kamilə Əliyeva qeyd edib.
Ölkəmizin irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirləri hər zaman çox yüksək səviyyədə keçirdiyini diqqətə çatdıran deputat gələn il COP29 konfransının da uğurla keçəcəyini deyib: “Gələn il iki həftə bütün dünyanın gözü Azərbaycanda olacaq. Təqribən 70-80 min xarici qonağın Bakıya səfəri gözlənilir. Ölkəmiz bu mötəbər tədbirə də uğurla ev sahibliyi edəcək. Azərbaycan xalqı, mötəbər təşkilatlar, dövlətlər də ölkəmizin COP29-a uğurla ev sahibliyi edəcəyindən əmindir”.
Kamilə Əliyeva bildirib ki, dünyada neft və qaz ölkəsi kimi tanınan Azərbaycan dövlətimizin başçısının yürütdüyü siyasət nəticəsində artıq “yaşıl enerji” ölkəsinə çevrilir: “Yaxın gələcəkdə Azərbaycanda istehsal olunan yaşıl enerji də dünya bazarlarına çıxarılacaq. Bir sıra Avropa dövlətləri Azərbaycandan alacağı yaşıl enerji sayəsində öz enerji təhlükəsizliyini möhkəmləndirəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, COP 29-un ölkəmizdə keçirilməsi xalqımızın növbəti böyük uğuru olacaq”.