CƏMİYYƏT
COP29 çərçivəsində Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammiti keçirilib
Bakı, 14 noyabr, AZƏRTAC
COP29 çərçivəsində noyabrın 14-də Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, sammitdə dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolunun vacibliyi vurğulanıb.
Tədbirdə Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammitinin gənclər səfiri Annie Bai gənclərin dayanıqlılıq sahəsində innovativ həllər irəli sürmək potensialına malik olduğunu vurğulayıb və onların səylərinin qlobal miqyasda əhəmiyyətli təsir göstərə biləcəyini qeyd edib. O, həmçinin gənclərin bilik və bacarıqlarının artırılmasının, onların liderlik qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
İqlim üzrə Qlobal Universitetlər Alyansının gənclər üzrə baş məsul şəxsi Alis Ho müxtəlif ölkələrdən olan gənclərin bir araya gəlməsinin və təcrübə mübadiləsinin əhəmiyyətinə toxunub. O, xüsusilə texnologiya sahəsindəki innovasiyaların Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda mühüm rol oynaya biləcəyini vurğulayıb.
Milli İqlim Dəyişməsi Strategiyası və Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Çen Cihua, Gənclərin Beynəlxalq Dayanıqlı İnnovasiya Sammitinin həmtəsisçisi Şanzi Cianq, İqlim Gələcəyi Qlobal İnnovasiya Laboratoriyasının təsisçi direktoru, Qida Sistemi Keçidi Qlobal Sürətləndiricisinin sədri, Pekin Universiteti Karbon Neytrallığı İnstitutunun dosenti və tədqiqat professoru Binbin Vanq, Qlobal SDG-lər və Liderlik İnkişaf Mərkəzinin nümayəndəsi Cek Huanq, eləcə də innovasiya məsləhətçisi Vanq Yanmin çıxışlarında gənclərin iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadıqlarını vurğulayıblar. Onlar iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu işbirliyi çərçivəsində gənclərin təşəbbüslərinin vacibliyinə diqqət çəkiblər. Dayanıqlı inkişaf istiqamətində gənclərin innovativ həllərə töhfə vermələrinin zəruriliyi vurğulanıb və sammitin bu sahədə gənclərə imkanlar yaratmaqda xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
Sammit dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə bağlı gənclərə təcrübə və ideyalarını paylaşmaq üçün geniş imkanlar yaradan platforma kimi yüksək qiymətləndirilib.
Sonda gənclər arasında qlobal problemlərə dair müxtəlif innovativ həll yolları müzakirə olunub və davamlı əlaqələrin qurulmasına dair təşəbbüslər irəli sürülüb.