CƏMİYYƏT
COP29-un ən gənc iştirakçısı: Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır
Bakı, 14 noyabr, AZƏRTAC
"Mənim 12 yaşım var. Mən ekoloq və sosial sahibkaram, eyni zamanda COP29-da iştirak edən nümayəndə heyətinin ən gənc rəhbəriyəm. Artıq ikinci dəfədir COP tədbirinə qatılıram. 107 müxtəlif ərazidə 150.000 ağac əkmişəm. Mən bunu dörd yaşımdan bəri edirəm, yəni artıq yeddi ildən çoxdur ki, bu işlə məşğulam".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prasidi Meşə Fondunun və "Yaşıl Sütun" iqlim təhsili kurslarının təsisçisi olan hindistanlı Prasidhi Sinq deyib.
O, uşaq və yeniyetmələr üçün iqlim təhsilinin çox vacib olduğunu vurğulayıb: "Düşünürəm ki, gənclərin ən böyük problemi məhz bununla bağlıdır. Bizim istəklərimizə nail olmağımız üçün kifayət qədər potensialımız var, lakin vəsait çatışmazlığından onları icra edə bilmirik. Bu baxımından uşaqlara dəstək lazımdır. Mən bacardığım qədər bu barədə nələrsə etməyə çalışıram. Dünyada uşaqlar və gənclərin səsi eşidilmir. Lakin biz kainat üçün olduqca önəmliyik. Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır".
P.Sinq Bakının COP29-a uğurla ev sahibliyi etdiyini də diqqətə çatdırıb: "Bakı çox gözəl şəhərdir. Mən COP28-də də iştirak etmişəm. Düzünü desəm, hesab edirəm ki, konfransın Bakıda təşkili əla qərardır. Azərbaycanın dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirməsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməsi çox yaxşı haldır".