İQTİSADİYYAT
COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirin ilk 3 günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və ümumilikdə 123 min sərnişin daşınıb.
Nəqliyyat vasitələrinin düzgün idarə olunması ilə sərnişinlər Heydər Əliyev Beynəlxalq Hava Limanından H1 ekspres marşrutu ilə metronun “28 May” və H2 ekspres marşrutu ilə “Əhmədli” stansiyalarına rahat və təhlükəsiz şəkildə çatdırılıb. Qeyd edək ki, bu daşınmalar ödənişsiz həyata keçirilir.
Qeyd edək ki, COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş rejimdə çalışır. Qurumun 550 əməkdaşı sərnişindaşıma əməliyyatında iştirak edib.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü isə 45 minə yaxın sərnişin şatllarla daşınıb. Növbəti günlərdə də sərnişin daşımalarının yüksək səviyyədə həyata keçirilməsi üçün tədbirlər davam etdiriləcək.