Daha bir ölkədən azərbaycanlı ekofəallara dəstək
Bakı, 23 dekabr, AZƏRTAC
Daha bir ölkənin dostluq cəmiyyəti Laçın-Xankəndi yolunda keçirilən azərbaycanlı ekofəalların aksiyasına dəstək bəyanatı yayıb.
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyəti dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məsələsində həmişə xalqımızın, dövlətimizin yanında olduğunu bəyan edib.
Cəmiyyətin bəyanatında Azərbaycan qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup ekofəalın Laçın-Xankəndi yolunda dinc aksiya keçirməsinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ bölgəsində faydalı qazıntıların qeyri-qanuni istismarı, Azərbaycanın suveren ərazisində ekosistemə ziyan vurulması, qeyri-qanuni fəaliyyət ilə bağlı olduğu bildirilib.
Vurğulanıb ki, Azərbaycan vətəndaşlarının öz suveren ərazilərində etiraz aksiyası keçirmək hüququ var. Etirazçıların əsas tələbi ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə dəyən zərərin və risklərin qiymətləndirilməsidir.
Cəmiyyət Xankəndi şəhərinə Ermənistandan gələn yolun humanitar məqsədlər, o cümlədən təminat-təchizat avtomobilləri üçün açıq olmasına baxmayaraq, Ermənistan tərəfinin “humanitar fəlakət” mühiti yaratması və Laçın yolu ilə bağlı yalan məlumatlar yayaraq regionda gərginliyin artırılmasına çalışmasından təəssüfləndiyini bildirir.
“Azərbaycan tərəfinin haqlı mövqeyini dəstəkləyərək, bu yoldan yalnız mülki və humanitar məqsədlər üçün istifadə edilməsini, Ermənistan tərəfinin isə bu yoldan hərbi məqsədlər üçün istifadəsinin əldə olunmuş razılıqların pozulması olduğunu bəyan edirik”, - deyə bəyanatda qeyd olunub.
Bəyanatda, eyni zamanda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Qarabağ bölgəsində ekosistemə ciddi ziyan vurulması, qızıl və mis-molibden yataqlarında həyata keçirilən qeyri-qanuni fəaliyyətlər kəskin pislənilib.
Cəmiyyət Azərbaycan ekofəallarının, vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin təbii sərvətlərinin talanmasına qarşı dinc etiraz aksiyasının onların haqlı tələblərinin yerinə yetiriləcəyinə, ədalətin bərqərar olacağına, ekologiyaya dəyən ziyanın aradan qaldırılacağına müsbət təsir göstərəcəyinə inamını ifadə edib.
Bəyanat Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edilib.