DAHİ RƏHBƏRİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Öncə, tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin bu ali məktəbdəki büstü önünə əklil və gül dəstələri qoymuş, ulu öndərimizin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
BDU-nun rektoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov mərasimdə çıxış edərək demişdir ki, iki il bundan əvvəl, dekabrın 12-də ümummilli liderimiz, dahi dövlət xadimi Heydər Əliyev dünyasını dəyişmiş, xalqımıza, millətimizə ağır itki üz vermişdir. Bu itki bütün tərəqqipərvər bəşəriyyəti, bütün azadlıqsevər insanları dərindən sarsıtmışdır.
Ulu öndərimiz Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünyaya inteqrasiya olunmasında tarixi xidmətlərindən danışan A.Məhərrəmov ümummilli liderimizin nurlu ideyalarının daim yaşayacağını vurğulamışdır.
O, dahi rəhbərimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyini, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevi yekdilliklə dəstəklədiklərini nəzərə çarpdırmışdır.
Akademik Fuad Qasımzadə və digər çıxış edənlər də ümummilli liderimiz Heydər Əliyevin böyük xilaskarlıq rolundan, elm və təhsilimizə, mədəniyyətimizə qayğısından bəhs etmiş, onun siyasi irsinin dərindən öyrənilməsinin zəruriliyini bildirmişlər.
Natiqlər ulu öndərimizin nurlu xatirəsinin daim ehtiramla anılacağını vurğulamışlar.