Daşınmaz əmlak üzərində mülkiyyət hüququ 21,9 faiz artıb
Bakı, 19 dekabr, AZƏRTAC
Qeydiyyat prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, aparılan təbliğat və maarifləndirmə işləri daşınmaz əmlakın qeydiyyatı sahəsində göstəricilərin yüksək olmasına səbəb olub. Ötən illərlə müqayisədə bu sahədə ən yüksək göstərici isə bu ilin yanvar-noyabr aylarında qeydə alınıb. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin on bir ayı ərzində 332 min 343 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu, 2021-ci il ərzində ümumi qeydə alınan göstəricidən 27 min 305 ədəd çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ 21,9 faiz artıb.
On bir aylıq göstəricinin 77 min 733-ü (23,4 faiz) ilkin, 254 min 610-u (76,6 faiz) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr ayları ərzində ilkin qeydiyyat 32,8 faiz artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 45 min 33-ü fərdi yaşayış və bağ evi, 84 min 273-ü mənzil, 192 min 156-sı torpaq sahəsi, 3231-i qeyri-yaşayış binası, 6857-si qeyri-yaşayış sahəsi, 732-si əmlak kompleksi, 60-ı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 25,8 faizi Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.