DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ XİDMƏTİNİN KOLLEGİYA İCLASINDA BƏZİ ƏRAZİ İDARƏLƏRİNİN FƏALİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) növbəti kollegiya iclası keçirilmişdir.
Tədbirdə rayon (şəhər) ərazi idarələrinin rəisləri və şöbə müdirləri iştirak etmişlər.
Kollegiyanın gündəliyi təsdiq edildikdən sonra xidmətin rəisi Arif Qaraşov ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar respublikamızın bütün guşələrində tədbirlərin keçirildiyini, ulu öndərin unudulmaz xatirəsinin ehtiramla anıldığını bildirmişdir. Bu münasibətlə aprelin 25-də DƏDRX-in mərkəzi aparatı, Bakı və Sumqayıt şəhər, Abşeron rayon ərazi idarələrində çalışan Yeni Azərbaycan Partiyası üzvlərinin iştirakı ilə təntənəli mərasimin keçirildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə, həmçinin iştirakçılar tərəfindən ölkəmizin başçısı İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair təklif də diqqətə çatdırılmışdır.
A.Qaraşov Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizin qazandığı uğurlardan danışaraq demişdir ki, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da uğurla inkişaf etdirilir. Yeni təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələri istifadəyə verilir. Ölkədə 668 min yeni iş yeri yaradılmışdır ki, bunun da 480 mini daimidir.
Təbii ki, bu nailiyyətlər daşınmaz əmlak bazarında da hiss olunmaqdadır. Ötən müddətdə Azərbaycanın daşınmaz əmlak bazarında fəallıq artmış, xidmətin fəaliyyətində ciddi nailiyyətlər qazanılmış, yerli qurumların iş həcmi xeyli artmışdır. Bir çox rayonda ərazi idarələrinin inzibati binaları istifadəyə verilmişdir.
Beynəlxalq əlaqələrin inkişafı məsələsinə toxunan xidmət rəisi, Litvanın müvafiq qurumunun nümayəndələri ilə apreldə Bakıda keçirilmiş görüşü, onların Şamaxı rayon ərazi idarəsinin fəaliyyəti ilə tanış olduqlarını, eləcə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində Almaniya və Türkiyə təşkilatları ilə sıx əməkdaşlığı diqqətə çatdırmışdır.
Xidmətin rəis müavini İlham Bayramov qurumun “Lənkəran, Əli Bayramlı, Sumqayıt şəhər və Sabirabad rayon ərazi idarələrində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları”nın tələblərinin yerinə yetirilməsi vəziyyəti haqqında” məruzə etmişdir. Məruzədə 2007-ci il və cari ilin birinci rübündə görülmüş işlər, qazanılmış nailiyyətlər vurğulanmış, nöqsanlar və onların aradan qaldırılması yolları nəzərə çarpdırılmışdır.
Mövzu ilə bağlı adıçəkilən idarələrin rəhbərləri çıxış etmişlər.
İclasda, həmçinin “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mövcud qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər“ və “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində insan resurslarının idarə edilməsi və təkmilləşdirilməsi tədbirləri” mövzularında məruzələr dinlənilmişdir.
######
